Tez-tez verilən suallar
Al Baraka ilə bağlı sualların cavabı burada
Tez-tez verilən suallar
Bizim adımız fəaliyyətimizin özəyini təşkil edən fədakarlıq və bərəkət məfhumlarından yaranıb. Ərəb mənşəli “Al Baraka” sözü “Bərəkət” deməkdir və biz inanırıq ki, sevgi və etibar üzərində qurulan hər bir xeyir iş Allahın iznilə bərəkətli olur. Adımızdakı “Könüllülər” ifadəsi isə bizim heç bir maddi qazanc və mənfəət güdmədən, tamamilə könüllü şəkildə sevgi, məsuliyyət və etibar əsasında çalışan böyük bir ailə olduğumuzu göstərir. Biz bu yolda Allahın rizasını qazanmaq üçün birləşmişik.
Loqomuz Peyğəmbərimizin ﷺ “İnsanların ən xeyirlisi, insanlara ən faydalı olandır” hədisi üzərində qurulub. Loqomuzdakı hər bir simvol bu xeyir yolunun təməlini ifadə edir: “Damla” — bizə etibar etdiyiniz hər bir ianəni və dəstəyi simvolizə edir. “Ağac” — damla-damla əmanətlərlə canlanan, böyüyən və gələcəyə kök atan qalıcı layihələrimizin bəhrəsidir. “Qalxan” — yetimləri və yoxsulları himayəsi altına alan mənəvi bir sipərdir; biz bu qalxanı birlikdə ərsəyə gətiririk: siz öz xeyirxahlığınızla yetim uşaqlara və kasıb ailələrə yardım edir, biz isə bizə etibar edilən əmanətləri birbaşa və şəffaf şəkildə həqiqi ehtiyac sahiblərinə çatdırırıq.
Bizim fəaliyyətimiz yalnız insanların fiziki ehtiyaclarını qarşılamaq məqsədi daşımır. Əsas missiyamız — dünyanın ən çətin və unudulmuş coğrafiyalarında yaşayan insanların həyatına ümid olmaq, yardımı doğru ünvana çatdırmaq və bunu dinimizin əmanət, şəffaflıq və mərhəmət prinsipləri əsasında həyata keçirməkdir. İlk gündən etibarən hər bir layihəyə adi bir yardım kimi deyil, Allahın bizə həvalə etdiyi mənəvi bir məsuliyyət kimi yanaşmışıq. İllər ərzində şahidi olduğumuz ağır həyat hekayələri, çarəsiz uşaqların və yetimlərin kədərli baxışları bu yolda daha diqqətli, daha məsuliyyətli və daha qətiyyətli olmağımıza səbəb olub.
Biz yardımları həyata keçirərkən hər hansı vasitəçi xarici şirkət və ya kənar təşkilatlarla deyil, dünyanın müxtəlif ölkələrində bizimlə eyni amalı paylaşan yerli könüllü dostlarımız və üzvlərimizlə birbaşa çalışırıq. Bu qlobal könüllü şəbəkəsi sayəsində biz hər bir coğrafiyanın daxilinə nüfuz edir və birbaşa yerli əhali ilə əlaqə qururuq; yəni Afrikada afrikalılarla, Qəzzada və Yəməndə isə yerli ərəb könüllülərimizlə çiyin-çiyinə hərəkət edirik. Beləliklə, biz həm xeyriyyəçilərimizin bizə olan etimadını artırır, həm də edilən ianələrin bir qəpiyinin belə əlavə komissiya və ya inzibati xərclərə getmədən, bütöv şəkildə birbaşa ehtiyac sahiblərinə çatmasına tam zəmanət veririk.
Biz öz layihələrimizi hər hansı bir ölkə və ya sərhədlə məhdudlaşdırmır, yardıma və insanlığa ehtiyac olan hər bir coğrafiyaya çatmağı qarşımıza hədəf qoyuruq. Hal-hazırda fəaliyyətimiz əsasən humanitar böhranların, yoxsulluğun və quraqlığın ən pik həddə olduğu regional nöqtələri əhatə edir. Bu çərçivədə Afrikanın quraqlıqdan əziyyət çəkən yoxsul ölkələrində, Asiyanın ucqar regionlarında, həmçinin təcili humanitar yardıma böyük ehtiyacı olan Qəzza və Yəmən kimi münaqişə zonalarında aktiv şəkildə layihələr icra edirik. Sahədəki yerli nümayəndələrimiz vasitəsilə ən çətin keçilən çadır düşərgələrinə və ucqar kəndlərə qədər yardımlar çatdırırıq.
“Al Baraka Azerbaijan Könüllüləri” həm maddi, həm mənəvi, həm də qalıcı infrastruktur layihələri ilə geniş bir fəaliyyət spektrinə malikdir. Bizim əsas fəaliyyət istiqamətlərimizə quraq bölgələrdə su quyularının inşası və quyu qazmağın qeyri-mümkün olduğu yerlərdə su tankerləri ilə səyyar su təminatı daxildir. Mənəvi və təhsil layihələrimiz çərçivəsində Məscid və Mədrəsələrin tikintisi, eləcə də ehtiyac sahibi tələbələrə Quran-i Kərim nüsxələrinin paylanılması işini həyata keçiririk. Bunlarla yanaşı, böhran və müharibə bölgələrində təcili humanitar yardım, isti yemək paylanılması, qida bağlamalarının çatdırılması, Qurban bayramı günlərində qurbanların, ilboyu isə Sədəqə, Əqiqə və Şükür qurbanlarının kəsilərək ehtiyac sahiblərinə çatdırılması əsas fəaliyyət istiqamətlərimizdəndir.
Bizim hər bir layihəmiz birbaşa insanların həyatda qalma, sağlamlıq və mənəviyyat kimi ən fundamental ehtiyaclarını qarşılayır. Su layihələrimiz çirklənmiş su mənbələrindən qaynaqlanan infeksion xəstəliklərin qarşısının alınmasına xidmət edir, uşaqların və qadınların hər gün su daşımaq üçün kilometrlərlə yol qət etmək məcburiyyətini aradan qaldırır. Bununla yanaşı, layihələrimiz uşaqların təhsil imkanlarının artmasına və ailələrin gündəlik həyat şəraitinin yaxşılaşmasına töhfə verir. Qida və təcili yardımlarımız isə aclıq həddində yaşayan ailələrin, müharibə qurbanlarının və yetimlərin ən kritik anlarda həyatda qalmasına səbəb olur.
Su quyularının qazılması prosesi ehtiyacın ən kritik olduğu bölgələrin (əsasən Afrika və Asiyanın quraq regionları) müəyyən edilməsi ilə başlayır. İş prosesi yerli nümayəndələrimizin sahə araşdırmaları və yeraltı su xəritələrinə uyğun olaraq qazma işlərinə başlaması ilə icra olunur. Quyunun inşası tamamlandıqdan sonra suyun keyfiyyəti, təmizliyi və uzunmüddətli insan istehlakı üçün təhlükəli olub-olmaması yoxlanılır. Yalnız tam təhlükəsiz olduğu müəyyən edildikdən sonra quyu üzərində ianəçinin adı yazılmış lövhə ilə yerli əhalinin istifadəsinə verilir.
Bir su quyusunun orta istismar müddəti onun qazıldığı bölgənin coğrafi strukturundan, yeraltı su qaynaqlarının zənginliyindən və ən əsası, quyunun tikintisində istifadə olunan materialların keyfiyyətindən asılı olaraq dəyişir. Normal şəraitdə, peşəkar mühəndislər tərəfindən və keyfiyyətli materiallarla inşa edilmiş bir su quyusunun istismar müddəti orta hesabla 10-15 il olur. “Al Baraka Azerbaijan Könüllüləri” olaraq biz sahədəki yerli nümayəndələrimiz vasitəsilə quyuların mütəmadi texniki baxışını da nəzarətdə saxlayırıq ki, bu müddət daha da uzun olsun və xeyriyyəçilərimizin sədəqeyi-cariyəsi uzun illər boyunca insanlara xidmət etsin.
Bu layihələrin əsas məqsədi Afrikanın və Asiyanın yoxsul regionlarında, xüsusən də ucqar kənd mədrəsələrində müqəddəs Kitabımızı oxumaq və öyrənmək istəyən minlərlə uşağı və gənci öz şəxsi Quran nüsxələri ilə təmin etməkdir. Bu coğrafiyalarda şiddətli yoxsulluq, kağız və kitab çatışmazlığı ucbatından uşaqlar Qurani-Kərim ayələrini “Löhvə” adlanan taxta parçalarının üzərinə yazıb əzbərlədikdən sonra silib yenisini yazmaq məcburiyyətində qalırlar. Quran paylama layihəmiz məhz bu mənəvi çətinliyi aradan qaldırır, hər bir uşağı öz fərdi Quranına qovuşdurur və hər oxunan hərfdə ianəçisinə tükənməz savablar qazandırır.
Bu proses bizim ən həssas olduğumuz mərhələdir. Hər bir layihədən əvvəl ehtiyaclı ailələr dərindən araşdırılır, müraciətlər ciddi şəkildə yoxlanılır və birbaşa sahədə fəaliyyət göstərən yerli nümayəndələrimiz vasitəsilə bütün məlumatlar dəqiqləşdirilir. Biz qərarlarımızı yalnız daxil olan müraciətə əsaslandırmırıq; mümkün olduqda yerli nümayəndələrimiz və tərəfdaşlarımız ehtiyac sahiblərinin vəziyyətini yerində qiymətləndirir, əldə olunan məlumatları dəqiqləşdirir və yardımın həqiqətən ehtiyacı olan insanlara çatmasını təmin edirlər. Məqsədimiz yardımları dünyanın ən məzlum, ən ehtiyaclı insanlarına çatdırmaq, əmanətə zərrə qədər də olsa xəyanət etmədən donorlarımızın bizə olan böyük etimadını tam doğrultmaqdır.
Şəffaflıq “Al Baraka Azerbaijan Könüllüləri”nin fəaliyyətinin təməl sütunudur. Bizə verilən hər bir ianənin məsuliyyətini və Axirət hesabı olduğunu çox yaxşı bilir və anlayırıq. Buna görə də hər bir layihə üzrə yerində xüsusi foto və video hesabatlar hazırlanır. Layihə tamamlandıqdan sonra bu materiallar media komandamız tərəfindən montaj olunur və mütəmadi olaraq hamıya açıq şəkildə rəsmi sosial media hesablarımızda (Instagram, Telegram və s.) paylaşılır. İanələrin hansı layihəyə yönəldiyi, necə icra olunduğu, ad lövhələri və əldə olunan real nəticələr barədə tam açıq, dürüst məlumat təqdim edirik.